"Komandada hər şey qaydasındadır. Müəyyən təcrübəm var və onu komanda yoldaşlarımla bölüşəcəyəm". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Kəpəz"in yeni transferi Serjinyo bildirib. Gəncə klubunun legioneri təcrübəli baş məşqçisi, yaxşı kollektivi olan komandaya gəldiyini söyləyib: "Baş məşqçimiz komandanı yaxşı vəziyyyətə yüksəltmək üçün çalışır. Düzdür, xətlər arasında əlaqə, komanda yoldaşlarımla meydanda anlaşma baxımından qısa müddət müəyyən çətinliklər olacaq. Çünki komandaya yeni gəlmişəm, komanda yoldaşlarımı tanımalıyam, onlara uyğunlaşmalıyam. Ancaq zamanla hər şey qaydasına düşür".
Serjinyonun "Kəpəz"də debütü Avropa Liqasında Moldovanın "Daçiya" klubu ilə matç olacaq. O. rəqib haqda müəyyən məlumatlar topladıqlarını deyib: "Daçiya" çətin rəqibdir. Buna baxmayaraq, mərhələni keçməyə çalıaşacağıq və bunun üçün bütün gücümüzü ortaya qoyacağıq. Ancaq indidən nəticə ilə bağlı söz demək çətindir".
Legioner bir hücumameylli futbolçu kimi rəqibin müdafiə xəttini dəyərləndirib: "Bilirəm ki, müdafiəçiləri güclüdür, bir-birlərini yaxşı başa düşürlər, xətlər arasında əlaqələri yaxşıdır. Anxaq istənilən halda, bu, bizi qorxutmur. Məqsədimiz mərhələ adlamaqdır və bunun üçün də səy göstərəcəyik".