"Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Bakı" ilə yoxlama oyunundan sonra brifinq keçirib. Təcrübəli çalışdırıcı Sportnet.az-ın əməkdaşının da suallarını cavablandırıb.
- Komandanın səfərdən yeni qayıtdığını, yorğunluq olduğunu nəzərə alsaq, futbolçulardan nə dərəcədə razı qaldınız?
- Biz iki cəhətdən pis vəziyyətdəyik. Birinci, oyun praktikamızın olmamağı çox böyük problemdir. Birdən-birə 5 əsas heyət oyunçusunun yerinə yenilər gəlir və onları sistemə "otuzdurmaq" üçün vaxt lazımdır. Vaxt az olanda da səhv olacaq. Buna görə səhvləri minimuma endirməyə çalışırıq. İkincisi də adaptasiya ilə bağlıdır. Bu, elmi cəhətdən də sübut olunub ki, 7-10 gündən sonra qaydasına düşür. Dəniz səviyyəsindən 2800 metr yüksəklikdən aşağı düşəndən sonra orqanizmdə dəyişiklikər baş verir və oqranizm bunu qəbul etməlidir. Bunun üçün futbolçular daha çox havada olmalıdır, nəinki kondisionerli otaqda. Üstəlik, oyunun 2 gün əvvələ çəkilməsi bizi çox çətin vəziyyətə qoyub. Ancaq bu, gileylənmək demək deyil. Nə olursa-olsun, iyunun 28-də səhvlər olmamalıdır. "Daçiya" ilə matçda səhvlərin olması gözləniləndir. Ancaq mən bu komandaya çox inanıram. Keçən il başlayanda bundan da piz vəziyyətdə idik. Ancaq bu gün oyunçu da var, keyfiyyət də. Ən əsası, məni sevindirən rəqabətin olmasıdır. Ehtiyat oyunçular skamyamızda yaxşı futbolçular var ki, meydana çıxıb oyunun taleyini həll edə bilərlər. Səhvlərin düzəldiməsi üçün oyun epizodları üzərində xüsusi işləməyə, hücumda və müdafiədə etibarlılığa diqqət yetirməyə çalışacağıq.
- Rəqibi necə dəyərləndirərdiniz?
- Bizi çətin rəqib gözləyir. Bu, qabaqdan qaçmaq kimi bir şey deyil. "Daçiya" doğrudan da güclü rəqibdir. "Şerif" - "Daçiya" qızıl oyun"una baxmışam. Rəqibin 90 dəqiqəlik matçda oyunu məni yaxşı mənada təəccübləndirdi. Komandanın iddialı olması, qrup mərhələsinə düşməsi gücündən xəbər verir. "Daçiya"nın iddiasını eşitmişdim. Sadəcə, oyununa baxandan sonra o gücə malik olduğunu gördüm. Ancaq bizi əlimizi qaldırıb təslim olmayacağıq. "Kəpəz", Gəncə adından başqa Azərbaycanı layiqincə təmsil etməyə çalıaşacağıq.
- Komandada problemlərin olduğunu nəzərə alsaq, inamınız nədən irəli gəlir?
- Bəli, qələbə qazandığımız 6:0 hesabı yaxşı nəticədir. Ancaq hesab məni maraqlandırmırdı. Xətlər arasında əlaqə bu gün yaxşı vəziyyətdədir. Əsas inamım ondan irəli gəlir ki, futbolçular çətinliklərə sinə gərə bilirlər və bu, çox vacibdir. Burda xarakterdən söhbət gedir və yoxlama oyunu da mənim üçün çox vacib idi. Bu matçda buraxdığımız səhvləri 4 günə düzəltməliyik. Düzdür, ideal vəziyyətə gətirib çıxara bilməyəcəyik. Ancaq çalışacağıq ki, səhvləri minimuma endirək. Futbolçuların xarakterinə, ustalığına inamım var.
- Futbolçularınızdan yalnz litvalı qapıçı Tadas Simaitisin avrokubok təcrübəsi var. Bu, sizə çətinlik yaratmır ki?
- Onlarla bərabər elə baş məşqçinin də avrokubok təcrübəsi yoxdur. Bunu həyata keçirmək bizim üçün böyük bir sevincdir. Bu gün pafoslu sözlər danışaq ki, 1-2-ci mərhələ keçəcəyik, qrupa yaıxnlaşacağıq, bu, real görünmür. Proqnoz vermək qeyri-mümkündür. Çalıçacağıq ki, yaxşı futbol oynayaq, kiminsə qarşısında aciz olmayaq. Demirəm ki, biz uduzmağa gedirik. Ayın 18-də yeni, sürətli bir komanda görəcəksiniz. Bizim qarşımızdu duran məqsəd Avropaya düşmək idisə, indi bundan da yaxşı nəticəyə nail olmaq istəyirik. Necə deyərlər, iştah diş altında olur. Ancaq istəyimizə nə dərəcədə nail olacağımızı zaman göstərəcək. Bizdə hər şey ideal deyil. Şəraitə uyğun addım atdıq. Bizdə futbolçuların qiyməti o dərəcədə böyük deyil. Büdcəmiz bəlkə də hansısa bir futbolçunun qiymətinə bərabərdir. Minimumdan maksimum yaratmağa çalışan bir komandayıq.
- "Daçiya" mövsüm ərzində cəmi 12 qol byraxıb ki, bu da müdafiəsinin çox güclü olduğunu göstərir. Hesab etmirsiniz ki, sürətli futbol mənfi nəticəsini verə bilər?
- Biz hücumda sürətli futbol göstərməyə, kompakt şəkildə oynamağa çalışacağıq. Mənim müsahibəm artıq Moldova mətbuatında gedib. Necə oynacağımızı demək istəmirəm. Məqsədimiz müdafiə etibarlı, hücumda sürtətli oynamaqdır.
- Rəqib hansı amillərdə "Kəpəz"i üstələyir?
- Ən başlıcası oyunçu seçimində. Heyətində 12-ə yaxın Legioner var və futbolçularının hamısı mübariz keyfiyyətlərə malikdir. "Şerif"lə oyunda meydanın heç bir qarışı uğrunda mübarizədə uduzmağı xoşlamadıqlarını gördüm. Meydanın hər qarışı uğrunda mübarizə aparırlar və sürətli oynayırlar. Müdafiədə çox etibarlıdırlar, təcrübəli futbolçuları var. Biz ehtiyatlı olmalıyıq. Kapitanları müdafiənin dayağıdır. Əsas məqsəd evdə qol buraxmamaqdır. Məncə, səfərdə qol vurmaq gücündəyik. Bizdə belə oyunçular var.
- Bəs "Kəpəz" rəqibi nədə üstələyir?
- Yumruq şəkilkdə birləşib komanda olaraq meydanın hər qarışı uğrunda mübarizə aparmaqda.
- Bakıda 0:0 hesabı sizi qane edəcək?
- Oyunun taleyi yüz faiz Kişinyovda həll olunacaq.
- Azarkeş amili "Kəpəz"in xeyrinə ola bilərmi? "Daçiya" ilə Bakıdakı matça 5-6 min azarkeşin gəlməsi gözlənilir...
- "Kəpəz" azarkeşləri möhtəşəm olduqlarını ötən mövsüm göstərdilər. Onlar həmişə arxamızda durublar. "Qəbələ" ilə matçda azarkeşlər iki gün yollarda qaldılar. İnanıram ki, yenə stadionu dolduracaqlar. Onlar bizə dəstək olaraq "12-ci oyunçu" funksiyasını yerinə yetirəcəklər. Onlara ehtiyacımız var. Azarkeşlərimiz indiyədək "Kəpəz"i tək buraxmayıblar. İnanıram ki, Avropa Liqasında da belə olacaq.