
AVRO-2016-da qol buraxmayan yığma qalmayıb. Sportnet.az-ın məlumatına görə, bunadək yalnız Polşa yığması qapısında top görməmişdi.
Polşalıların "quru seriya"sı bu gün İsveçrə ilə 1/8 final matçında qırılıb. Rəqibin yarımmüdafiəçisi Xerdan Şakiri "qayçıvari zərbə"ylə vurduğu gözəl qolla seriyanı 531-ci dəqiqədə qırıb.
Turnirin tarixində heç bir yığma ilk qolunu belə gec buraxmamışdı. İtaliya yığmasının "quru seriya"sı AVRO-1980-da 324-cü, Almaniya millisinin həmin göstəricisi AVRO-1996-da 320-ci dəqiqədə qırılıb. Almaniya Slovakiya ilə sabahkı 1/8 final matçında 83 dəqiqəyədək qol buraxmazsa, polşalıların rekordunu yeniləmiş olacaq.
Dünya çempionatlarının "quru seriya" rekordu isə italyanlara məxsusdur. Onlar vətənlərində keçirilən DÇ-1990-da ilk qolunu yalnız 5-ci oyununda, 64-cü dəqiqəqədə buraxıblar.