AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də San Marino yığması ilə keçiriləcək görüşdən əvvəl jurnalistlərin sualını cavablandırıb. Sportnet.az E.Məmmədovun müsahibəsini təqdim edir.
- Yığmamız DÇ-2018-də ilk oyununu səfərdə San Marinoya qarşı keçirəcək. Oyun haqda fikirlərinizi bildirərdiniz. Bu oyundan və seçmə mərhələən gözləntiləriniz nədir?
- Təbii ki, San Marino ilə oyunda üç xalı qazanmalıyıq. Düşünürəm ki, bu üç xal komandanın növbəti oyunlarda daha inamla çıxış etməsi üçün motivasiya olacaq. Bu futboldur, hər şey ola bilər. Ancaq komandamız tam hazırdır. Bir müddət əvvəl təşkil olunmuş təlim-məşq toplanışında milli yoldaşlıq görüşləri keçirdi. Baş məşqçi robert Prosineçki də komandanın fiziki durumundan razı qaldığını bildirib. Nəzərə alaq ki, ölkə çempionatı da start götürüb. İki klubumuz isə çox uğurlu nəticə göstərərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bütün bu amilləri nəzərə alsaq, yığma yaxşı ab-hava ilə San Marinoya gəlib. Biz hamımız ancaq üç xal gözləyirik.
- Seçmə mərhələyə AFFA maraqlı bir şüar seçib - "Niyə də yox?!" Bu şüarın məqsədi nədir və nəyə işarədir?
- Əsas məqsəd millinin AÇ-2020-yə vəsiqə qazanmasıdır. Həmin Avropa çempionatının üç oyunu və bir 1/4 final Bakıda keçiriləcək. İstəyərdik ki, həmin turnirdə iştirak edək. Əsas məqsədimiz budur. Lakin bu mərhələ hazırlıq kimi də ola bilər. Bu mərhələyə bir şüar düşündük və "Niyə də yox?!" olmasına qərar verdik. Əsas komanda üzvlərində soruşduq ki, niyə də yox? Niyə də bu seçmə mərhələdəyaxşı nəticə göstərməyək? Düşünürük ki, yaxşı şüardır. Əslində sual formasındadır və müsbətdir. Bu şüarı bütün futbol ailəsi üçün yaratdıq. Sabah da baxaq görək.
- Emin Mahmudov və Ramil Şeydayev artıq milliyə cəlb olunub. Onların debüt etməsi üçün meydana çıxması lazımdır. Bununla bağlı baş məşqçi Robert Prosineçki ilə hər hansı bir söhbətiniz olub? Əsas heyətdə olmasa da bir dəqiqə meydana çıxsın...
- AFFA rəhbərliyi heç vaxt məşqçilərin işinə qarışmayıb. Bu birbaşa baş məşqçinin işidir. Sabahkı qarşılaşmada onların meydana çıxması və ya ehtiyatda qalmasına baş məşqçi qərar verir. FIFA-nin qərarına əsasən, bu futbolçuların millimizdə çıxış etməsinə icazə verilib. İstərdik ki, Şeydayev və Mahmudov yığmada oynasınlar və komandaya faydalı olsunlar. Yaxşı futbolçulardır. Onlar cəmi bir neçə gündür ki, yığmada olsalar da, Prosineçki artıq müsbət rəy verib".
-Yəni yığmanın heyətində meydana çıxsın ki, sabah fikrini dəyişib başqa yerə getməsin...
- FİFA-nın qərarına əsasən futbolçu 21 yaşadək əsas milli komandada oynamayıbsa, bir dəfə qərarı dəyişə bilər. Hər iki futbolçu da artıq yığmada oynayıblar və indi də qərar veriblər. Artıq bu qərar qəbul edilib.
- Sabahkı oyunla bağlı hansı nəticəni düşünürsünüz?
- Hesabı demək çətindir. İlk oyundur və hər kəs həyacan keçirir. Əminəm ki, komanda da həmin hissləri keçirir. Baxmayaraq ki, San Marino qrupda olan digər komandalarla eyni deyil. Ancaq bu futboldur və ciddi yanaşmaq, rəqibə hörmət etmək lazımdır. Əsas məsələ üç xalın qazanılmasıdır.
- Qələbə üçün futbolçulara mükafat vəd olunub?
- Sözün düzü biz bunu müzakirə etməmişik. Komanda özü də bilir ki, AFFA hər zaman əlavə stimul verməyə çalışır.
Sonda baş katib stadiona toplaşan, komandanın məşqini izləyən azsaylı azarkeşlərə təşəkkürünü bildirib.