İtaliyanın "Roma" klubunun futbolçusu Françesko Totti 40 illik yubileyi münasibətilə müsahibə verib.
Sportnet.az-ın məlumatına görə, "Sky İtalia"ya danışan kapitan heç vaxt baş məşqçilərə təzyiq göstərmədiyini bildirib. Totti komandanın sükanı arxasına keçənlərə hörmətlə yanaşdığı, onların təyinat və göndərilmələrində rolunun olmadığını vurğulayıb: "Heç vaxt baş məşqçilərə təzyiq göstərməmişəm. Təbii ki, diskussiyalarımız olub. Amma hər gün yox. Bunlar da olmasaydı, anormallıq sayılardı. Heç bir baş məşqçini qovub-gətirməmişəm. Hər zaman kollektivin bir hissəsi olmuşam və klubun getdiyi istiqamətdə hərəkət etmişəm".
Canlı əfsanə 40 yaşında yalnız futbolu yox, daha qlobal düşünməyə başladığını söyləyib: "Bəxtim gətirib ki, gözəl ailəyə, 3 övlada sahibəm. Düşüncələrimin yarısı ailə, yarısı futbolla bağlıdır".
Qeyd edək ki, Françesko Totti bütün karyerasını "sarı-qırmızılar"ın heyətində keçirib. Bu müddətdə "Roma"da 15-dən çox baş məşqçi dəyişib. Hazırda komandaya Luçano Spaletti rəhbərlik edir.