"Türkiyədə qayıdandan, "Yozqatspor"da çıxışımı başa vurandan bu yana klubsuzam. Fərdi məşq edirəm, "dır-dır" oynayıram. Qış fasiləsini gözləyirəm ki, Premyer Liqa klublarından birinə keçim". Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Fərid Quliyev bildirib. Bir vaxtlar ən güclü klublarımızda oynayan, Azərbaycan çempionu olan, Çempionlar Liqasında və millimizin heyətində fərqlənən 30 yaşlı hücumçu artıq xeyli vaxtdır kölgədə qalıb.
Quliyevin sözlərinə görə, yayda vətənə gec qayıtdığından klublarımızdan birinə keçidi baş tutmayıb: "Konkret "Neftçi" varinatını gözləyirdim. Onda Vəli Qasımovun baş məşqçiliyi dövrü idi. Ancaq alınmadı, transferdə gecikdim. Vərəqəm gec gəldi, keçə bilmədim. Maaş, pul-zad da istəmirdim. Sadəcə, oynamaq istəyirdim. Özümü doğrultsaydım, maddi danışığımız olardı. Ancaq gözlədim-gözlədim, alınmadı. Sonda qaldım qıraqda".
AFFA-nın birinci divizionda danışılmış oyunlarla bağlı şübhəli sayılan və açıqlanan 24 nəfərlik siyahısında Fərid Quliyev adlı futbolçu var. Ancaq bu, təcrübəli hücumçu yox, gənc müdafiəçidir: "Bir-iki tanış bunu mənə deyib. Ancaq sonradan başa düşüblər ki, bu, başqa futbolçudur. Allah uzaq eləsin, bizim nə işimiz oyun alqı-satqısında. Bilirəm, çoxları bunu mənimlə bağlayır. Sonradan mən də fikirləşirəm ki, neyləsin insanlar, elə bilirlər mənəm. Ancaq şükürlər olsun ki, mən deyiləm (gülür)".
Quliyev "Rəvan"da, daha öncə "Bakı"da komanda yoldaşı olduğu müdafiəçilər Cəmşid Məhərrəmovla Elvin Əliyevin adlarının siyahıda olmasına belə münasibət bildirib: "Azərbaycan futbolunda indi hər yerdən söhbət çıxır. Neçə vaxtdır belə söz-söhbətlər gəzir. Ancaq bilmirsən ki, bunun hansı doğrudur, hansı yalandır. Mən inanmıram belə şeylərə. Həmin futbolçular durub nə edəcəklər ki? Məhz Cəmşidlə Elvinin etməsinə inanmağım gəlmir. Onlar futbol oynayan uşaqlardır".
Fərid birinci divizionda oynamaq istəmədiyini söyləyib. O, fikirlərini belə əsaslandırıb: "Açığı, Premyer Liqada çıxış etmək istəyirəm. Üstəlik, birinci divizonda da belə vəziyyət var. Ancaq olmasa, futbolda kənarda qalmaqdansa, oynamaq yaxşıdır. Pis çıxmasın, həmişə Premyer Liqada oynamışam, yenə orada çıxış etmək istərdim. Qismət olmadı. Futbolu buraxmaq da istəmirsən. Bunu hər zaman edə bilərsən. Hələ 30 yaşım var, oynamaq imkanım çatar. Düşünmürəm ki, indiki Premyer Lqada formaya düşmək üçün çox problemlə üzləşim. Çempionatın səviyyəsini görürsünüz. Məncə, indiki səviyyə ilə formaya düşüb oynamaq olar".