AFFA-nın danışılmış oyunlarla bağlı şübhəli saydığı "Rəvan”ın futbolçusu Elvin Əliyevin Sportnet.az-a müsahibəsi
- Adınız "qara siyahı”ya düşəndən sonra vəziyyət necədir?
- Necə olmalıdır ki? Vəziyyətimiz pisdir. Hazırda gözləmə mövqeyindəyik.
- Dindirilmə olub?
- Adı siyahıda olanlarla birgə AFFA-ya getdik. Dedik ki, bu, ad-sanımıza, futbolumuza həqarətdir. Bizi qəbul etmədilər. Əlimizdən heç nə gəlmir. Sizin kimi bir çox jurnalistlər zəng etdilər. Müsahibələr verdim. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq.
- Sizi konkret kim qəbul etmədi?
- Ramin müəllimin (PFL prezidenti Ramin Musayev nəzərdə tutulur-red.) qəbuluna getmişdik. Yanında adam olduğu üçün bizi qəbul etmədi. Sonra başqa futbolçu yoldaşlarım gedəndə onları qəbul etmişdi, dinləmişdi.
- AFFA-ya gedənlərin arasında kimlər var idi?
- Bir qapıçı, iki gənc futbolçu var idi. Üçü də "Rəvan”ın oyunçularıdır.
- Millimizin də şərəfini qorumuş Cəmşid Məhərrəmovla sənin adın bu siyahıda niyə çıxsın?
- Mən də bu sualı onlara verirəm. Sadəcə, epizodlara baxıb kobud səhvlərimə görə deyiblər ki, buna görə adınız siyahıdadır. "Qarabağ”ın son oyununda – Avroliqa matçında müdafiəçisi son qolda kobud səhvə yol verdi. Səhvlərimiz oxşardır. Ancaq bu, o demək deyil ki.... Bunlar yersiz ifadələrdir. Səhvə baxıb futbolçunu günahlandırmaq nə dərəcədə düzgündür? "Neftçi”nin yeni qapıçısı yaxın keçmişdə elə səhvlərə yol verib ki, heç məhəllə futbolunda elə xətalar etməzlər. Heç kəs bu səhvinə görə onun oyun satdığını deyə bilməz axı. Futbolda o qədər belə səhvlər olur ki... Qolunun altından, ayaqlarının arasından top buraxırlar. Xırda bir şeyə görə günahlandırmazlar adamı. Mövqeyim cinah müdafiəçisidir. Oyunçu çatışmazlığı üzündən mərkəz müdafiəçisi qoyublar. Mən də ilk dəfədir mərkəzdə oynayırdım. Ona görə də oyunum alınmayıb və kobud səhvlər etmişəm. Mən heç vaxt danmamışam xətalarımı. İstəsələr, videonu təzədən qoyub epizodlardakı səhvlərimin səbəblərini də deyə bilərəm.
- Konkret hansı oyunlarla bağlı sizə bu irad tutulur?
- Mənə konkret bir söz deyən yoxdur. Dəqiq hansısa oyunun adın çəkən yoxdur. Mənim aldığım məlumata görə, hansısa oyunlarda səhvləri görüb belə bir qərar çıxarıblar. Yəni, mənə konkret deyilməyib ki, "Elvin, sən bu oyunda bunu etmisən”. Elə götürək Cəmşidi. Biz bu yaşımızda bu qədər qaçırıq, işləyirik. Meydançada mübarizə aparırıq. Səhv normaldır. Biz güclü komanda deyilik axı. Ortabablardan sayılırıq. Yaşlı oyunçular Cəmşid və mənəm. Kimsə xətaya yol verəndə, biz də səhv edəndə günah bizim üstümüzə düşür. Elə güclü komanda deyilik ki, o səhvləri təkrarlamayaq.
- Niyə sizə qarşı qərəzli mövqe nümayiş etdirsinlər ki?
- Cəzalıların siyahısına aşağıdan yuxarıya baxsaq, ən sonda gedən komandaların Göyəzən”lə "Rəvan”ın olduğunu görərik. O birilər "Energetik”, "Bakılı” və "Şərurspor”dur. Bu nə dərəcədə haqlı qərardır? Cəmi 6 klub oyun satıb? Qalan klublar deməli, çempionatda oynamır? Ancaq özümüz bir-birimizə oyun alıb-satırıq? "Rəvan”ın 7 futbolçusunun adı verilib siyahıda. Bu, nə deməkdir? Ədalətsizlikdir axı. Vəziyyətimiz ağırdır. Klubun maddi problemləri var. Məşq etdiyimiz yerə baxa bilərsiniz. Ordakı vəziyyətimizə baxandan sonra deyəcəksiniz ki, Elvin sən sözün düzünü deyirsən. Halımızı görəndən sonra mənə haqq qazandıracaqsınız.