
Yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" klubu mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Sportnet.az-ın qol.az-a istinadən məlumatına görə, "ağ-qaralar" bu hüquqa ölkə kubokunu qazanmaqla sahib çıxıblar.
Finalda "Qəbələ"ni penaltilər seriyasında məğlub etməklə kuboka yiyələnən "Neftçi" iyulun 17-də və 24-də Avroliqanın II təsnifat mərhələsinin oyunlarına çıxacaq. Premyer Liqanın bürünc medalçısı "Qəbələ" isə mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq. Həmin mərhələnin oyunları iyulun 3-də və 10-da olacaq.
Qeyd edək ki, Avropa Liqasında klublarımızın rəqibləri iyunun 23-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimindən sonra bilinəcək.