"Adi bir Premyer Liqa oyunu idi, digər matçlar kimi. Qalib gələ bilmədik, lakin irəliyə baxmaq lazımdır. "Qəbələ" ilə görüşü digərlərindən fərqləndirmirik. Bizim üçün bütün rəqiblər önəmlidir". Bunu Sportnet.az-a "Qarabağ" klubunun icraçı direktoru Əmrah Çəlikəl deyib.
41 yaşlı futbol funksioneri bildirib ki, Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində səfərdə "Qəbələ"yə məğlubiyyətlə əlaqədar lazımı tədbirlər görüləcək: "Əlbəttə, çatışmazlıqlar var idi. Bununla bağlı lazımı tədbirlər görəcəyik. Bu məsələdə söz sahibi Qurban Qurbanovdur. Baş məşqçimiz özü qərar verəcək".
Çəlikəlin sözlərinə görə, "Qəbələ"yə bir mövsüm ərzində iki məğlubiyyət heç də yaxşı hal deyil: "Buna görə kiməsə haqq qazandırmaq düzgün olmazdı. Amma "Qəbələ" də zəif komanda deyil. Onların uğurlarına kölgə salmaq olmaz. Qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq".
Qeyd edək k, "Qarabağ" XIX turda "Qəbələ"yə 0:2 hesabı ilə uduzaraq, liderliyi əldən verib.