"Sumqayıt"ın futbolçusu Rail Məlikovun "Zirə" ilə Azərbaycan Premyer Liqasının XX tur matçından öncə Sportnet.az-a müsahibəsi
- Qarşıdakı oyun barədə nə düşünürsünüz?
- Turnir cədvəlində "Zirə" ilə qonşuyuq. İkimiz də 4-cü pilləyə iddialıyıq. Əvvəlki iki oyunda rəqibimizi məğlub etmişik. Bu səbəbdən, "Zirə"nin revanş almaq, bizə qalib gəlmək istəyi var. Digər tərəfdən, öz meydanlarında oynamaları rəqibin üstünlüyü ola bilər. Bunu da nəzərə almaq lazımdır ki, indi "Zirə" mövsümün ilk yarısındakı ilə müqayisədə daha da güclənib. Yeni baş məşqçi, yeni oyunçular gəlib, taktika dəyişib. Bir sözlə, rəqib əvvəlkindən çox fərqli olub. Bizi ağır, prinsipial oyun gözləyir.
- Oyuna hazırlıq necə gedir?
- Tam ciddi hazırlaşmışıq. Məşqçilər heyəti taktiki gedişləri tam oyuna uyğun müəyyənləşdirib. Qalib gəlmək üçün lazımi hazırlıq prosesi keçmişik.
- "Zirə" ilə qarşılaşmanı 6 xallıq oyun saymaq olar?
- Əlbəttə. Çünki hazırda "Zirə"dən 2 xal irəlidəyik. Udsaq, xal fərqimiz 5-ə çatacaq. Nəticədə 4-cü pillədəki mövqeyimizi möhkəmlədərək, "İnter"ə yaxınlaşacağıq. Yəni, bu görüş "Zirə" üçün nə qədər vacibdirsə, bizə onlardan da əhəmiyyətlidir.
- Bəs heç-heçə sizin üçün qaneedici sayıla bilər?
- Bəli. Çünki səfərdə oynayırıq. 1 xal da aktivimizə yazılacaq.
- "Sumqayıt" tarixi ərzində heç vaxt Avropa Liqasına vəsiqəyə bu qədər yaxın olmayıb. Belə bir məqamda təcrübəsizlik və ya həyəcan komandanıza mane ola bilər?
- İnanırsınız, avrokuboklara vəsiqə düşüncələrini kənara qoymuşuq. Hazırda turnir cədvəlində bacardığımız qədər yuxarı pillələrə yüksəlmək üçün oynayırıq. Qismət olsa, avrokuboklara da gedərik. Bu qədər yaxınlaşmışıqsa, şansımızı əldən vermək də istəmirik. Hamı dərk edir ki, Sumqayıt futbolu tarixində ilk dəfə ölkəmizi qitə miqyasında təmsil etmə şansı qazanmışıq. Buna görə də tarixi şansı dəyərləndirmək üçün çalışırıq.
- Klubla müqavilən yayda başa çatır. Avroliqaya vəsiqə Rail Məlikovun "Sumqayıt"da qalmasına nə qədər kömək edə bilər?
- Müqaviləmin nə zaman başa çatacağını əsla fikirləşmirəm. Mayadək "Sumqayıt"dayam. Qalan müddətdə var gücümlə çalışacağam ki, uğurla çıxış edim. Qalsam da, qalmasam da komandamın avrokuboklara vəsiqə qazanmasını istəyirəm. Məhz bundan ötrü vuruşuruq. Heç kim fikirləşmir ki, avrokuboklara vəsiqə qazandıqdan sonra birdən bizimlə müqavilə bağlamazlar. Hazırda bu komandanın çörəyini yeyirəmsə, bütün gücümü sərf etməyə hazıram.