"Azərbaycanlı futbolçular arasında yetirmələrim çoxdur. Premyer Liqa və I Divizionda 70-dən çox futbolçum çıxış edib. Amma mən, əsasən, 4 futbolçunu öz yetirməm sayıram. Çünki onları şəxsən yetişdirmişəm".
Bunu Sportnet.az-a açıqlamasında uşaq futbolu üzrə tanınmış məşqçi, hazırda "Sumqayıt" klubunda 17 və 19 yaşadək futbolçulardan ibarət komandaların koordinatoru vəzifəsində çalışan Vaqif Paşayev deyib. 64 yaşlı mütəxəssis bildirib ki, bunlar Ceyhun Sultanov, Saşa Yunisoğlu, Vaqif Cavadov və Rəşad Sadıqovdur. Onun sözlərinə görə, yetirmələrindən 3-nün millidə Türkiyəyə qarşı 2010-cu il oktyabrın 12-də keçirdikləri AVRO-2014-ün seçmə qrup matçı Ginnesin Rekordlar Kitabına belə düşə bilər: "Bakıda Türkiyəyə 1:0 hesabı ilə qalib gəldiyimiz oyunda Azərbaycan yığmasının ilk "11-liy"ində 3 yetirməm oynayırdı: Sadıqov, Cavadov və Yunisoğlu. Yəni, start heyətin təqribən 30 faizi mənim yetirmələrim idi. Üstəlik, yeganə qolu da Rəşad vurdu. Bu, böyük nailiyyətdir. Bir klubun oyununda özünün 11 yetirməsinin hamısı çıxış edə bilər. Amma millidə bir məşqçinin 3 yetirməsinin meydana çıxması halına heç vaxt rast gəlinməyib".
Qeyd edək ki, Ceyhun Sultanov artıq futbolçu yox, elə "Sumqayıt”da klub meneceridir. Qalanları isə karyeralarının qürub çağlarını yaşayırlar. Saşa Yunisoğlu I Divizionun iddialı komandalarından olan "Səbail"in kapitanıdır. Vaqif Cavadov Premyer Liqada AZAL klubunda forma geyinir. Sadıqov isə həm "Qarabağ" klubunun, həm də Azərbaycan millisinin lideridir. O, Azərbaycanda 5 dəfə "İlin futbolçusu" seçilib, milli komandada 100-dən çox oyuna çıxıb. V.Paşayev Azərbaycanda bu nailiyyəti yaxın 20 il ərzində kiminsə təkrarlaya biləcəyinə inanmır. Cavadov və Sultanov da əvvəllər "İlin futbolçusu" seçiliblər.