2001-2002 mövsümündə Azərbaycan çempionu "Şəmkir"i Çempionlar Liqasında mübarizədən kənarlaşdırmış "Barri Taun" klubu 4 ildən sonra yenidən Uels Premyer Liqasına vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, bu, I Divizionda "Qoytre Yunayted" üzərində 3:0 hesablı qələbədən sonra dəqiqləşib. Beləliklə, "Barri Taun" ilk 2 pillədən birini təmin edib.
Uels təmsilçisi tarixində ikinci dəfə yüksək liqaya vəsiqə qazanıb. İlk dəfə bu, 1993-cü ildə gerçəkləşib. Öz ölkəsində 10 ilədək dominantlıq edən "Barri Taun" Çempionlar Liqasında mərhələ adlayan ilk Uels klubu kimi tarixə düşüb. Bu, 2001-ci ildə məhz "Şəmkir"lə I təsnifat mərhələsinin oyunlarına təsadüf edib - 2:0, 1:0.
Lakin 2013-cü ildə "Barri Taun" aşağı liqaya enib və hətta mövcudluğunu belə itirmə təhlükəsi ilə üzləşib. Azarkeşlərin fədakarlığı sayəsində klub ayaqda qalıb və 4 il sonra yenidən Premyer Liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, "Şəmkir" də "Barri Taun" kimi Çempionlar Liqasında mərhələ keçən ilk Azərbaycan klubudur. Bu, 2000-2001 mövsümündə Latviya "Skonto"su üzərində iki oyunun yekununda əldə olunub - 1:2, 2:1 (əlavə vaxtda 2:0). "Şəmkir" də son illər aşağı liqada çıxış edir və hazırda Azərbaycan Premyer Liqasına vəsiqə qazanmağa yaxındır.