"Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanovun Sportnet.az-a müsahibəsi
- "Qəbələ”ni "İnter”ə qarşı oyun gözləyir. Matç haqda nə düşünürsən?
- Oyuna ciddi hazırlaşmışıq. "İnter” güclü komandadır. Hər mövsüm güclü olduğunu göstərir. Meydana qələbə üçün çıxacağıq.
- "Qəbələ” çempionluğu əldən verdi. Qarşıdakı iki turda meydana hansı motivasiya ilə çıxacaqsınız?
- Bayaq da dediyim kimi qalan turlarda, sadəcə, maksimum xallar toplamaq üçün meydana çıxacağıq. Bundan savayı kubokun finalına da hazırlaşmalıyıq.
- Komanda ilə müqavilən başa çatır. Maraqlıdır, sənə yeni müqavilə təklif edilib?
- Bu haqda bir söz deyə bilməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, Gürcüstandan gəldikdən sonra "Qəbələ”də adaptasiya problemi yaşamadım. Çünki futbolçuların hamısını tanıyırdım, heç bir çətinlik çəkmədim.
- Səncə, "Qəbələ”dəki çıxışınla millimizin baş məşqçisi Robert Prosineçkinin diqqətini çəkə bilmisən?
- Mənim işim məşq etmək və oyunlara çıxmaqdır. Prosineçki lazım bilsə, dəvət göndərər.
- "Qəbələ” ölkə kubokunun finalında "Qarabağ”la qarşılaşacaq. Mövsümü titulla başa vura biləcəksiniz?
- Hər iki komanda kuboku qazanmaq istəyəcək. İnanıram ki, kuboku qazanan tərəf biz olarıq.
- Matçın Naxçıvanda keçirilməsi sənin üçün təəccüblü olmadı?
- Bu, bizim işimiz deyil. Amma məncə, matç Bakıda keçirilsəydi, daha yaxşı olardı. Həm azarkeş, həm də meydan amili baxımından deyirəm.
- Roman Qriqorçuk komanda ilə söhbətində çempion ola bilmədiyinizə görə irad tutdu?
-Xeyr, Qriqorçuk bizə heç nə deməyib. Çünki bu, futboldur. Hamımız çempion olmaq istəyirdik.