İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu "Atletiko" ilə Çempionlar Liqasının (ÇL) ilk yarımfinal matçında bir neçə nailiyyətə imza atıb.
Sportnet.az-ın məlumatına görə, komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə "het-trik" edən portuqaliyalı hücumçu görüşün ən yaxşı futbolçusu sayılıb. 32 yaşlı hücumçu "Real Madrid"dəki qollarının sayını 400-ə çatdıraraq, klub tarixinin ən yaxşı bombardiri olub.
Digər tərəfdən, o, ÇL-in "pley-off" mərhələlərində ardıcıl ikinci oyunda "het-trik" edən ilk futbolçu kimi tarixə düşüb. Ronaldu bundan əvvəl Almaniya "Bavariya"sı ilə 1/4 final mərhələsinin cavab görüşündə 3 qol vurub. Həmin matçda "kral klubu" əlavə vaxtda 4:2 hesablı qələbə qazanıb.
Portuqaliyalı forvard həm də Çempionlar Liqasındakı "het-trik" sayında "Barselona"lı Lionel Messi ilə bərabərləşib. Hazırda hər iki hücumçunun belə göstəricilərinin sayı 7-dir.
Qeyd edək ki, Kriştianu Ronaldu "Real Madrid"ə 2009-cu ildə İngiltərə "Mançester Yunayted"indən keçib.







































































