"Zirə"nin futbolçusu Riçard Qadze Rumıniya "Astra"sı ilə keçirdikləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, hücumçu əvvəlcə qolsuz yekunlaşan matçı dəyərləndirib...
- Sonadək çox yaxşı mübarizə apardıq. Qalib gəlmək şansımız olsa da, görüş heç-heçə ilə nəticələndi. Bu da bizə başqa bir motivasiya verdi ki, çempionatda daha uğurla çıxış edə bilək.
- Düşünmürsən ki, digər futbolçular da sənin kimi xarakter göstərsəydilər, nəticə başqa cür ola bilərdi?
- Biz bir komandayıq. Kollektiv daxilində fərqli keyfiyyətlərə malik futbolçular var. Amma heç kimi günahlandırmaq istəməzdim. Sadəcə, udanda da, uduzanda da birgə olmalıyıq.
- "Zirə"də mərhələ adlamaq üçün nə çatmadı?
- Düşünürəm ki, uğur bizdən uzaq idi. Yaxşı mübarizə apardıq.
- 6-cı dəqiqədə vura bilmədiyin qol epizodunu yəqin ki, bir müddət unutmayacaqsan...
- Top sol ayağıma düşmüşdü. Mən də məcburən solla zərbə vurmalı idim.
- Həmin epizodda sol ayağını günahlandırmadın?
- Axı mən ayağıma necə deyə bilərəm ki, qol vur?
- "Astra”nın vaxtı uzatması sizə psixoloji təsir edirdi?
- Təbii ki, müəyyən təsiri olurdu. Strategiyadır, futbolda baş verir. Mən də buna hörmətlə yanaşıram. Göstərdiyimiz təzyiq qarşılığında rəqibin başqa variantı yox idi. Ona görə də belə edirdilər.
- Hakimin oyuna təsiri oldu?
- Hakimlərin müəyyən səhvləri oldu. Amma bizim də çoxlu qol epizodlarımız oldu ki, faydalana bilmədik.