"Əlimizdən gələni etdik. Futbolda hər şey baş verir. Səfərdə bir oyun da var. Hazırlaşıb müsbət nəticə qazanmaq mümkündür".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Moldova "Şerif"i ilə Bakıda 0:0 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib. Milliləşdirilmiş braziliyalı yarımmüdafiəçi bildirib ki, rəqibin belə oyun sərgiləyəcəyi əvvəlcədən gözlənilən olub: "Şerif” iki taktika ilə oynayır: beşli müdafə və 4-1-4-1 düzülüşü. Hansı sistemlə oynayacaqlarını bilmirdik. Həftə ərzində hazırlaşdıq. Məşqçilərimiz rəqib haqda məlumatlar vermişdilər".
Cavab oyununa ciddi hazırlaşacaqlarını deyən Almeyda hər şeyin növbəti 90 dəqiqədən sonra bilinəcəyini vurğulayıb: "Hansı komanda daha güclü olsa, sevinən tərəf olacaq. Rəqibə hörmət etmək lazımdır. Əlimizdən gələni edəcəyik".
"Sambaçı" öz oyunu barədə danışmaq istəməyib: "Siz deyin, mən bu haqda nəsə deyə bilmərəm".