"Rəqibimiz güclü komanda idi. Çətin oyun oldu. Qol vurduğuma görə şadam".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində BƏƏ-nin "Əl Ain” klubu ilə heç-heçə etdikləri yoxlama matçından sonra klub televiziyasına açıqlamasında deyib.
Meydana çıxdıqdan cəmi 9 dəqiqə sonra komandasını məğlubiyyətdən xilas edən gənc oyunçu Almaniya "Şalke"si ilə oyunla müqayisədə bu dəfə meydana hücumçu kimi çıxdığını vurğulayıb: "Şans qazanıb, bu gün meydana hücumçu kimi çıxdım. "Şalke” ilə keçən oyuna cinah yarımmüdafiəçisi kimi çıxmışdım".
Abbasovun fikrincə, belə matçlarda nəticə çox da vacib deyil: "Əsas çempionat oyunlarıdır. Vaxtımıza az qalıb, çempionatdakı oyunlarımıza hazırlaşırıq. Hələ ilk rəqibimiz bilinmir. İnanıram ki, çempionata tam hazır vəziyyətdə çıxacağıq”.
Qeyd edək ki, "Neftçi" - "Əl Ain" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.