"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Bakıda Yunanıstan "Panatinaikos"una 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- "Qəbələ” avrokuboklarda adətən hesabı açan tərəf olsa da, üstünlüyünü qoruyub saxlaya bilmir. Buna səbəb nədi?
- Bu, heç də həmişə belə olmur. Elə olur ki, rəqib hesabı açır, biz cavab veririk. Bu barədə bilmirəm nə deyim.
- Bu gün komandanın oyununda nə alınmadı?
- Biz bir qol vurduq, rəqib iki qol vurdu. Nəyi düz eləmədik? Sadəcə, 3 qol vurmadıq. Bu gün sadəcə, rəqib çox güclü idi. Həm komanda oyununda, həm də fərdi oyunda.
- Azərbaycanda çalışmağa başlayandan Avroliqanın qrup mərhələsində çıxış etmisiniz. Bu dəfə qrup mərhələsindən kənarda qaldınız. Bu, "Qarabağ”la çempionluq uğrunda mübarizədə komandaya kömək ola bilər?
- İstəməzdik ki, belə olsun. Deyə bilmərəm, necə olacaq. Bir cəbhədə mübarizə aparmağın komandanın nəticələrinə necə təsir edəcəyini bilmirəm.
- Heyətdə çoxlu legionerlər var. Düşünmürsünüz ki, çempionatda bu oyunçuların çoxundan istifadə edə bilməyəcəksiniz?
- Düşünmürəm ki, bizdə artıq legioner oyunçular var. Son 3 ildə komanda belə komplektləşməmişdi.
- Ötən ilki komanda ilə bugünkü komandanı müqayisə edəndə, hansı tipdə futbolçu çatışmırdı?
- Kombinasiyalı, sürətli oyunu çox xoşlayıram. Geridən top ötürəndə irəlidəki oyunçu topu saxlayıb, hücumun qurulmasına kömək edir. Bizdə məhz bu cür oyunçu çatışmırdı.
- Bu məğlubiyyətdən sonra komandanı çempionata necə kökləyəcəksiniz? Psixoloji cəhətdən onları qarşıdakı oyunlara kökləmək çətin olmayacaq?
- Düşünmürəm ki, klubda kimsə bugünkü məğlubiyyətə görə ciddi təəssüflənsin. Çünki rəqib çox güclü idi. Fövqəladə bir şey baş verməyib. Güclü rəqiblə oynadıq. Bu da bizim çempionata yaxşı hazırlaşmağımız üçün yaxşıdır.