"Neftçi”ın futbolçusu Pavel Dreksa "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, çexiyalı müdafiəçi əvvəlcə görüş barədə danışıb...
- Əlbəttə, bu, yaxşı start deyildi. Amma işimizi davam etdirməli, pozitiv olmalıyıq. Növbəti oyunları düşünməli, köklənməli və qələbə qazanmalıyıq.
- Avstriya toplanışından sonra komandada çox şeyin müsbətə doğru dəyişəcəyi gözlənilirdi. Amma heç nə dəyişməyib...
- Bu, mənim üçün çox çətin sualdır. Ancaq siz də bilirsiniz ki, "Qarabağ” çox güclü komandadır. Onlar gələn həftə Çempionlar Liqasının pley-off mərhələsində oynayacaqlar. Üstəlik, biz də oyun zamanı bir neçə səhvə yol verdik. Məncə, əsas səbəb də budur.
- Hər şeyin yaxşıya doğru dəyişəcəyinə inanırsınız?
- Təbii. Bu, ilk oyunumuz idi. Gəlin, "Neftçi”ni birinci görüşdən sonra hesabdan silməyək. Daha çox çalışmalı və ikinci turdakı matçda mütləq qələbə qazanmalıyıq.
- Sizcə, bugünkü "Qarabağ” "Kopenhagen”i keçə biləcəkmi?
- Deməzdim ki, hansısa fərq var. Çünki "Qarabağ”da sistem eynidir. Əlbəttə, "Kopenhagen”i udmaq üçün şansları var. "Qarabağ”a uğurlar arzulayram.