
İtaliyanın "Bolonya" klubunun futbolçusu Entoni Munyo yay transfer pəncərəsininin bağlanmasına bir neçə gün qalmış "Qarabağ"ın təklifindən imtina edib.
Sportnet.az-ın "Tuttomercatoweb.com"a istinadən verdiyi məlumata görə, 30 yaşlı cinah oyunçusu Çempionlar Liqasında mübarizə aparacaq komandada oynamağa razılaşmayıb. İmtinanın səbəbi açıqlanmır.
Fransalı vinger ötən mövsümün ikinci yarısını icarə əsasında "Atalanta"da keçirib. O, cəmi 5 matçda iştirak edib. "Bolonya" rəhbərliyi taktiki və biznes plana uyğun gəlməyən Munyo üçün yeni klub axtarışındadır.
Qeyd edək ki, bir neçə gün əvvəl Fransa mətbuatı Entoni Munyo ilə "Marsel" və Türkiyənin "Fənərbağça" klubunun maraqlandığını yazıb. Yay transfer dövrü avqustun 31-də yekunlaşacaq.