Azərbaycan çempionu "Araz”ın kapitanı Rizvan Fərzəliyev futzal üzrə UEFA kubokunun əsas mərhələsinin startı ərəfəsində federasiyanın rəsmi "Facebook" səhifəsinin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, Fərzəliyev Rumıniyada Bosniya və Herseqovinanın "Mostar” klubu ilə keçirəcəkləri görüşə hazır olduqlarını bildirib...
- Artıq 2 gündü oyunların keçiriləcəyi Deva şəhərindəyik. Buna qədər hazırlığımızı Bakıda reallaşdırdıq, həm yoldaşlıq, həm də rəsmi oyunlar keçirməklə çatışmazlıqları müəyyənləşdirdik və aradan qaldırmağa çalışdıq. İstənilən halda, ilk oyun hər zaman çətin olur.
- "Mostar”ın oyununu izləmisizmi? Onlara qarşı necə oynayacağınızı müəyyənləşdirmisiz?
- Rəqibimiz mübarizəyə ilk mərhələdən başlasa da, güclü komandadır. Bosniya və Herseqovina millisinin 6 üzvü bu komandanın formasını geyinir. Eyni zamanda, Braziliyadan, Serbiyadan legionerləri var. Baş məşqçiləri isə braziliyalıdır. Baş məşqçimiz rəqibi analiz edib, necə oynayacağımızı da məşqdə çatdırıb. Təbii ki, qələbə ilə başlamaq vacibdir.
- Oyunöncəsi narahatlıq yaradan hansısa problem varmı?
- Elə bir ciddi problemimiz yoxdur. Komanda olaraq oyuna köklənmişik və ancaq matç haqda düşünürük.
- Heyətə yeni qoşulan futzalçılar ayrılanları layiqincə əvəzləyə biləcəklər?
- Komanda çox yaxşı vəziyyətdədi. Yeni dəvət edilən oyunçuların köməyi dəyəcək. Müqayisə aparmağın tərəfdarı deyiləm. Çünki heyətlə bağlı qərarları baş məşqçi verir. Onlar bu gün "Araz”ın heyətindədirsə, deməli, baş məşqçinin etimadını qazanıblar.
- Rəqiblər arasında ən təhlükəli hansını hesab edirsiniz və nəyə görə?
- Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. Çünki bu mərhələyə zəif komanda vəsiqə qazanmır. Fərqləndirmək mütləqdirsə, "Deva”nın adını qeyd edərdim. Çünki bu komandanın heyəti Rumıniya millisinin üzvlərindən fomalaşıb. Üstəlik, meydan sahibidirlər.