Oktyabrın 29-da "Neftçi"nin "Sumqayıt"la keçirəcəyi Topaz Premyer Liqasının X tur matçından əvvəl "Forza Neftçi" fan-klubunun rəhbəri Sübhan Əliyevin Sportnet.az-a müsahibəsi
- "Sumqayıt”la oyuna necə hazırlaşmısınız?
- Çox yaxşı hazırlaşırıq. Sevinirik ki, "Neftçi”miz düzəlib. "Sumqayıt”la oyunda da flaqmanımızdan yalnız qələbə gözləyirik. Gözəl günlər üçün azarkeşlər çox darıxıb. Ayağa qalxmaq vaxtıdır. "Forza Neftçi” fan-klubu olaraq flaqmanın həmişə yanında olmuşuq. Pis gündə, yaxşı gündə və bundan sonra da yanında olacağıq.
- Əvvəlki oyunlarla müqayisədə bu dəfə daha çox azarkeşin olması üçün hansı tədbirlər görülür?
- Bütün "Neftçi” azarkeşlərinə müraciət edirik ki, oyuna gəlsinlər. Matç bazar günü, münasib vaxtdadır. Saat 18:00-da "Bakcell Arena"nın tribunalarını doldursunlar, hamımız "Neftçi”mizi ayağa qaldıraq.
- Heç "Bakcell Arena" stadionu ətrafındakı binaların sakinləri ilə görüşmüsünüz?
- Xeyr. Təki "Neftçi” qələbələr qazansın, müraciətə ehtiyac yoxdur. Komanda düzəlsin, azarkeşlər oyunlara gələcək.
- Son turlar komandanın çıxışında yüksəliş hiss edirsiniz?
- Bəli, "Neftçi” çox dəyişib. Amma bundan da artığını gözləyirik.
- Siz tərəfdən oyuna nə qədər azarkeş gələcək?
- Hardasa 400-500 nəfər.
- "Neftçi"nin 10 minlik "Bakcell Arena"nı doldura biləcək azarkeşi varmı?
- "Neftçi” əvvəlki gücünü qaytarsın, stadion tam dolar. "Forza Neftçi” olaraq, flaqman üçün ən yaxşısını edəcəyik.
- Yenə özünəməxsus şüarlarınız olacaq?
- Bəli. Oyuna şüarlarla, pankartlarla hazırlaşmışıq. Həmişəki kimi, qapı arxasında yer alacağıq.