Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik etməyə iki namizəddən biridir.
Sportnet.az məlumatına görə, bu barədə Bosniya və Herseqovina Futbol Assosiasiyasının vitse-prezidenti Milorad Sovreniç açıqlama verib.
O bildirib ki, 48 yaşlı xorvatiyalı mütəxəssislə Amar Osim arasında seçim edəcəklər. Onun sözlərinə görə, bu barədə qərar assosiasiyanın İcraiyyə Komitəsinin iclasında qəbul olunub: "Namizədlərlə bağlı komissiyanın hesabatını dinlədik. Siyahıda dörd namizəd olsa da, onların sayını ikiyə endirdik. Amar Osimlə Robert Prosineçki variantları üzərində dayandıq. Növbəti 7-8 gün ərzində konkret danışıqlar aparılacaq. Onların maliyyə şərtlərini, planlarını və digər məsələləri götür-qoy etdikdən sonra yekun qərar veriləcək”.
Bildirlir ki, yığmaya rəhbərlik etməyə digər iki namizəd Draqan Okuka və Vladimir Petkoviç olub. Yeni baş məşqçinin adı 2018-ci ilin əvvəlində açıqlanacaq.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin sabiq baş məşqçisi Mehmed Bajdareviç komandaya DÇ-2018-ə vəsiqə qazandıra bilmədiyi üçün istefaya göndərilib. Robert Prosineçkinin isə bu ay Azərbaycan millisi ilə başa çatan 3 illik müqaviləsinin müddəti uzadılmayıb.