Azərbaycan milli komandasının futbolçusu Maksim Azərbaycan Medvedev Moldova ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Əvvəlki və indiki milli komanda arasında hansı fərq var?
- Bəzi futbolçular öncədən də milliyə dəvət alıblar. Onlar Azərbaycan çempionatı üçün tanınmış futbolçulardırlar. Hamı Qurban müəllimi tanıyır, o da hamını. Meydanda, umumi götürəndə, yenilik yoxdur. Sadəcə, 4 gün ərzində hazırlaşmışıq. Çalışırdıq ki, istədiyimiz oyunu göstərək. Bəzən alınırdı. Birinci oyundur. Bu gün 50 faiz alınırsa, gələcəkdə daha çox alınacaq. Daha yaxşı oyunlar olacaq. Qol imkanlarımız da artacaq.
- Hamınız klubların düşərgəsində hazırlıq prosesi keçmisiniz. Yorğunluq hiss olunurdu?
- Yorğunluq həmişə olur. Milli komandada həmişə qısa vaxt ərzində iştirak edirik. Futbolçular yaxşı əhval-ruhiyyədə olurlar. Bu toplanış lap yerinə düşüb. 20 gün bir oteldə qalırdıq. Bura gələndə isə bir az dəyişikliklər olur. Futbolçular baş məşqçinin gözünə girmək üçün əlavə motivasiya ilə çalışırlar. Məşqlər də çox intensiv olur. Bu gün bəzi şeylər alınmasa da, uşaqlar vuruşurdu.
- Bu gün də müdafiənin mərkəzində çıxış etdin. Bu, alternativ variantdır, yoxsa həmin mövqedə səni tez-tez görəcəyik?
- Bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar. Mənim üçün fərqi yoxdur. Müdafiənin istənilən mövqeyində oynayacağam. 28 yaşım var. Bir az təcrübə toplamışam. Hansı mövqedə necə oynamaq lazımdırsa, hamısını bilirəm. Ola bilər gələcəkdə mərkəz müdafiəçisi mövqeyində oynayım. Bu, baş məşqçinin qərarı olacaq.
- Qurban Qurbanovun millidə birinci matçı idi. Bəzi futbolçular var ki, digər klublardan gəliblər. Onların sistemə uyğunlaşması barədə nə deyə bilərsən? Uyğunlaşa bilirlərmi?
- Bütün futbolçular "Qarabağ”ın oyununu bilir. Bu sistemə öyrəşmək çox asandır. Baş məşqçi futbolçulardan fantastik bir şey tələb etmir. Futbolçulara daha sadə oynamağı tapşırır. Hər bir epizodda öz bacarıqlarını göstərsinlər. Bəzi hallar olur ki, nəsə çatışmır, onda baş məşqçi kömək edir. Milli komandada ilk oyundur. Gələcəkdə həmin futbolçular baş məşqçinin sisteminə uyğunlaşacaqlar və yaxşı çıxış edəcəklər.
- Sənin mövqeyində çıxış edən Abbas Hüseynovun oyununu bəyəndin?
- Səhv etmirəmsə onun da millidə birinci oyunudur. Bir az həyəcanlı idi. Oyundan öncə onunla söhbət etdim. Dedim ki, özünü çox sıxma. Çox istedadlı futbolçudur. Onun oyunu mənim xoşuma gəlir. Mübarizə aparmağı sevir. Gələcəkdə millidə bir neçə oyunda iştirak etsə, səviyyəli komandalara qarşı oynasa, təcrübə qazanandan sonra daha yaxşı çıxış edəcək.
- Öz formanı ona etibar edə bilərsən?
- Biz başqa formalarla oynayırıq (gülür). Mən sevinərəm ki, milliyə gələn futbolçular bizdən də yaxşı oynasınlar, bizi də keçsinlər. Kimsə gəlib bizim yerimizdə oynayacaq. Bu gün istəyirik ki, komandada rəqabət olsun. Onda baş məşqçinin də əlində yaxşı futbolçular olar.
- Bu gün rəqib nə dərəcədə təhlükəli idi?
- Rəqibin oyununu bəyəndim. Mən oyunda çox qaçmadım. 90 dəqiqə ərzində rəqib qaçır, top alır, dayanmadan vuruşurdu. Bizə rahat oynamağa imkan vermirdilər. Onlar da dəyişikliklər etdilər. Hücum xətti demək olar ki, fərqli idi. Təzə futbolçular bizi çox yordu. Çalışdıq ki, axıra kimi vuruşaq.
- Səncə, heç-heçə ədalətli nəticə idi?
- Oyun ərzində top daha çox bizdə oldu. Moldova kimi komanda əks-hücumlara bel bağladı. Bizim oyunu analiz ediblər. Onların fikrincə, bizə qarşı belə oynamaq daha sərfəlidir. Açıq futbol oynasaydılar, daha təhlükəli ola bilərdik.
- Matçın adamı kimi seçərdin?
- Bunu deyə bilmərəm. Kiminsə adını çəksəm, o birilər inciyə bilərlər. Çünki hamı vuruşurdu.