"Bu gün hər iki komanda üçün yaxşı hava idi. Birinci hissədə oyun bizim tərəfdə idi. Lakin hissənin sonunda qapımıza bərabərlik qolu vuruldu. İkinci hissə bir qədər bərabər səviyyədə keçdi. Rəqib müdafiədə oynamağa çalışırdı. Fikrimcə, oyun azarkeşlərin xoşuna gəldi. Ümumilikdə oyunu normal qiymətləndirirəm".
Sportnet.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Klub prezidentini aldatmaqda ittiham etmisiniz...
- Xahiş edirəm ki, oyun haqda soruşun.
- "Kəpəz"in heyətində Dario Frederiko daha fəal idi. İkinci hissədə ona diqqət yetirməyi tapşırmısınız?
- Oyundan əvvəl Dario və Vinçesterə xüsusi diqqətlə yanaşmalarını tapşırmışdım. Xüsusən, Frederikonun sürətli oyunçu olduğunu bilirdik. Bir səhv oldu, qapımıza qol vuruldu. Sağ cinah müdafiəçisi və dayaq yarımmüdafiəçisi səhvə yol verdi.
- Kamran Ağayevin durumuna aydınlıq gəlib?
- Hələ bilmirəm. Bu, həkim rəyindən asılı olacaq.
- Son oyunlarda "Keşlə" xallar toplamağa başlayıb.
- Futbolçularıma iradım yoxdur. Tavan deyilən bir anlayış var. Oyundan-oyuna fərqi hiss edirəm. Futbolçularımdan maksimumu almağa çalışıram.
- Ölkə kubokunda finala yüksəlmə şanslarınızı necə dəyərləndirirsiniz?
- Əlbəttə. Bəs biz nə üçün işləyirik? Kubokda nəticə almağa çalışırıq.
- Futbolçular nə qədər maaş alırlar ki, onların bu cür çıxışlarına haqq qazandırırsınız?
- Bu barədə heç nə deyə bilmərəm.