"Neftçi”nin futbolçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının XXII turunda "Sumqayıt”la 2:2 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyun haqda nə deyə bilərsiniz?
- Təəssüf ki, görüş heç-heçə bitdi. Qələbə də qazana bilərdik, uduza da. Hər iki komandanın qol vəziyyətləri vardı. Fikrimcə, ədalətli nəticə oldu.
- Qarşıdan "Qəbələ” ilə kubok oyunu gəlir. Bu xal itkisi sizə mənfi təsir etməyəcək ki?
- Düşünmürəm. Komanda bundan da yaxşı hazırlaşacaq. Əlimizdən gələni edəcəyik. Finala yüksələcəyimizə ümid edirəm.
- İkinci hissəni daha yaxşı təsir bağışlayırdınız. Tərlan Əhmədov fasilədə hansı tapşırıqları verdi?
- Birinci hissədə də eyni istəklə oynayırdıq. Ancaq ikinci hissədə daha yaxşı alındı. İkinci qolu vurub, irəli də çıxdıq. Yenə qol vəziyyətlərimiz oldu. Lakin istifadə edə bilmədik.
- Artıq "Neftçi”nin əsas hücumçusuna çevrilmisiniz. Tərlan Əhmədov əvvəllər sizdən narazılıq edirdi...
- Hər bir futbolçu şans aldıqca, oynadıqca açılışır. Çox şadam ki, oynayıram, qollarımı vururam.
- Doğma meydanda qazanılan 1 xal sizə sərf edir?
- Meydana qələbə üçün çıxmışdıq. Qələbə çox vacib idi. Çünki qalib gəlsəydik, 3-cü pillədəki komanda ilə aramızda 2 xallıq fərq qalacaqdı.
- Kubokda "Qəbələ”, ardınca Premyer Liqada "Zirə” ilə qarşılaşacaqsınız. Bu, psixoloji cəhətdən komandaya mənfi təsir edə bilər?
- Psixoloji cəhətdən komandada hər şey öz yerindədir. Həm çempionatda yolumuza davam etdirmək, həm də kubokda finala çıxmaq üçün qarşıdakı matçlara köklənəcəyik.