Bu gün Türkiyə Superliqasının 29-cü turunda "Qalatasaray" klubu doğma azarkeşlər önündə "Başakşehir"lə üz-üzə gələcək.
Sportnet.az-ın məlumatına görə, sözügedən qarşılaşma Arda Turan üçün əlamətdar olacaq. "Qalatasaray"ın yetirməsi olan 31 yaşlı futbolçu 2523 gün sonra çempionat oyununda "Türk Telekom Arena"sına rəqib olaraq çıxacaq. Yarımmüdafiəçi son olaraq həmin stadionda 2010- 2011 mövsümündə "Qalatasaray"ın "Konyaspor"u 2:0 hesabı ilə məğlub etdiyi matçda iştirak edib.
Arda Turan karyerası ərzində 3-cü dəfə "Qalatasaray"a rəqib olacaq. O, 2006-cı ildə icarə əsasında çıxış etdiyi "Manisaspor" forması ilə "sarı qırmızılar"a rəqib olub. Arda 2014-cu ildə isə İspaniyanın "Atletiko"(Madrid) komandasının heyətində hazırlıq qarşılaşmasında İstanbul klubuna qarşı oynayıb.
Qeyd edək ki, "Qalatasaray" - "Başakşehir" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.