"Qarabağ”ın futbolçusu Ramil Şeydayev Azərbaycan Premyer Liqasının XXIV turunda "Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablayıb.
Sportnet.az xəbər verir ki, 22 yaşlı hücumçu öncə Ağdam təmsilçisinin çempionluğu rəsmiləşdirməsi ilə bağlı təəssüratlarını bölüşüb.
- Komandanı təbrik edirəm. Çempion olduğumuz üçün şadam. Son 4 oyunda da qalib gəlməyə çalışacağıq.
- Ötən mövsüm "Jilina” ilə Slovakiya çempionu oldunuz. İndi isə Azərbaycanda eyni uğuru təkrarladınız. Bu çempionluqlar arasında nə fərq var?
- Düşünürəm ki, ordakı ilə müqayisədə burada çempion olacağımız aşkar görünürdü. Düzdür, orda da üstün idik. Çempion olmaq həmişə xoşdur.
- Erkən çempionlua görə "Qarabağ”ı Avropada bunu bacaran top-klublara bənzətmək olar?
- Olar, biz də çempionuq.
- "Qarabağ”da qalacaqsınız, yoxsa müqavilə ilə məxsus olduğunuz Türkiyənin "Trabzonspor” klubuna dönəcəksiniz?
- Hələlik bəlli deyil.
- Bəs, özünüz qalmaq istəyirsiniz?
- Hələlik bu barədə düşünmürəm.
- Amma burada davamlı oynamırsınız. Oyun praktikanızla razısınız?
- Elə də yox. Məşq edirəm, çalışıram. Ardıcıl 3 oyundur meydana çıxıram, baş məşqçi şans verir.
- Premyer Liqada cəmi bir qol vurmusunuz. Daha çox fərqlənmək üçün nə çatışmır?
- "Kəpəz”lə görüşdə qol vurdum.
- Ancaq xeyli vaxtdır oynadığınız üçün bu, aşağı göstəricidir...
- Nə qədər vaxtdır oynayıram?
- Mövsümün əvvəlindən "Qarabağ”dasınız...
- Maksimum 4 oyunda meydana çıxmışam.
- Xeyr, daha çoxdur. (Ramil Şeydayev cari çempionatda 11 oyunda iştirak edib – red.) Digər tərəfdən, heyətə düşməməkdə sizin probleminizdir...
- Bəli. Daha çox oynamaq üçün üzərimdə çalışıram.