Futbol üzrə Çempionlar Liqasında daha bir finalçı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək həlledici qarşılaşmada İspaniya "Real Madrid"inə İngiltərənin "Liverpul" komandası rəqib olub.
"Qırmızılar" yarımfinalda İtaliya "Roma"sını iki oyunun yekununda üstələməyi bacarıblar. İngiltərə təmsilçisi ötən həftə doğma meydanda 5:2 hesabı ilə yendiyi "Roma"ya cavab görüşündə uduzub - 2:4. Bununla belə, "Liverpul" top fərqində üstün olduğu üçün mərhələ adlayıb.
Hesabı artıq 9-cu dəqiqədə "Liverpul"un hücumçusu Sadio Mane açıb. Bundan 6 dəqiqə sonra "Roma" Ceyms Milnerin avtoqolu sayəsində bərabərliyi təmin edib. Lakin 25-ci dəqiqədə Jorjinyo Veynaldum qonaqları yenidən hesabda önə çıxarıb. İtaliya təmsilçisi 52-ci dəqiqədə Edin Ceko ilə bərabərlik qolunu vurub. Bundan sonra Raca Nainqqolan 86-cı dəqiqədə komandasını hesabda önə çıxarıb. Uzatma dəqiqələrində isə o, penaltidən yekun nəticəni müəyyənləşdirib. 5-ci qolu vurmağa isə "Roma"nın bir qolu çatmayıb.
Beləliklə, "Liverpul" klubu 11 ildən sonra Çempionlar Liqasının finalına yüksəlib.
Qeyd edək ki, final matçı "Olimpiyski" stadionunda keçiriləcək.
---------------------------------------------
Bu gün futbol üzrə Çempionlar Liqasında digər finalçı müəyyənləşəcək.
Sportnet.az məlumatına görə, ilk finalçı İspaniya "Real Madrid”inin rəqibi İtaliyada "Roma” ilə İngiltərənin "Liverpul” komandalarının duelində bəlli olacaq.
Ötən həftə evdə rəqibini 5:2 hesabı ilə məğlub edən mersisaydlılar cütün taleyini ilk görüşdə də həll edə bilərdilər. Yugren Kloppun rəhbərlik etdiyi kollektiv 69-cu dəqiqəyə qədər Muhamed Salahla Roberti Firminonun dublu, Sadio Manenin 1 qolu ilə öndə olsa da, son dəqiqələrdə 2 qol buraxaraq, rəqibi ümidləndirib.
Yarışın 1/4 finalında səfərdə İspaniya "Barselona”sına 1:4 hesabı ilə uduzmasına rəğmən, cavab qarşılaşmasında 3 cavabsız qolla qalib gələn "canavarlar” eyni möcüzəni "Liverpul”la qarşılaşmada etmək istəyirlər.
"Roma”nın heyətində zədəlilər - Rik Karsdorp və Qrequar Defrel meydana çıxa bilməyəcək. Kevin Strootman ilə Dieqo Perottinin durumu sual altındadır. Adam Lallana, Emre Can, Aleks Oksleyd-Çemberlen və Joel Matip zədə üzündən "Liverpul”a kömək etməyəcəklər. Cordan Hendersonun oynayıb-oynamayacağı isə dəqiq bilinmir.
Qeyd edək ki, daha əvvəl "Real Madrid" Almaniya "Bavariya"sını iki oyunun yekununda (2:1, 2:2) üstələyərək, finala adlayıb. Final matçı mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
2 may
22:45. "Roma” (İtaliya) – "Liverpul” (İngiltərə) - 4:2
Qollar: Ceyms Milner, 15 (öz qapısına). Edin Ceko, 52. Raca Nainqqolan, 86; 90+4 (penalti ilə) - Sadio Mane, 9. Jorjinyo Veynaldum, 26
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 2:5.