"Neftçi"nin yeni transferi Baqali Dabo komandanın bugünkü açıq məşqindən sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, fransalı hücumçu son 2 mövsümü keçirdiyi "Qəbələ”dən ayrılmasının səbəbini də açıqlayıb. 
- "Neftçi"yə keçidin barədə nə deyə bilərdin?
- Düşünürəm ki, "Neftçi”yə gəlişim mənim üçün əlamətdardır. Çünki "Neftçi” böyük bir layihə hazırlayıb. Sevindiricidir ki, mən də bu layihənin bir parçasıyam. Hamı bu layihə ətrafında birləşdiyindən işimiz uğurlu alınacaq.
- Necə oldu ki, son anda qərarını dəyişərək "Qəbələ”dən imtina edib "Neftçi”ni seçdin?
- Doğrudur, əvvəlcə razılaşmışdıq. Ancaq sonradan müəyyən şərtlər oldu ki, fikirlərimiz üst-üstə düşmədi. Bundan sonra menecerimlə danışdım və qərara aldıq ki, "Neftçi”yə üstünlük verək.
- "Neftçi” layihəsi barədə ağızdolusu danışdın. Bu komandanın "Qəbələ” layihəsindən hansı üstünlüyünü qeyd edə bilərdin?
- Mövsümün sonunda "Neftçi” olduqca uğurlu qrafik cızdı. Komanda baxımlı futbol oynamağa başlamışdı. Mövsümün gedişatında eniş yaşamasaydı, bəlkə də finişə 2-ci çata bilərdi. "Qəbələ”də çempionluq yaşaya bilmədik. Çalışacağam ki, "Neftçi”yə qızıl medala sahib çıxaq.









                 





    
    
    
    
    
    
    
    
    






















































