"Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib Belarus çempionu BATE olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1. Yeganə topu 36-cı dəqiqədə Stanislav Draqun vurub. Həmin epizodda "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun yanlış ötürməsindən sonra BATE-nin kapitanı İqor Staseviç topu ələ keçirərək, məhsuldar ötürmə müəllifi olub.
Meydan sahibləri ilk yarıda hücumlar qurmaqda çətinlik çəkiblər. Baş məşqçi Qurban Qurbanovun zədəli Dani Kintananın yoxluğunda start heyətdə yer verdiyi Con Delarj zəif çıxışı ilə diqqət çəkib. Yeni klubunda ilk dəfə meydana çıxan islandiyalı qapıçı Hannes Halldorsson isə bu mövsüm "Qarabağ"ın birinci qolunu buraxan qolkiper olub.
Fasilədən sonra edilən dəyişikliklərlə "Qarabağ" hücumlarının kəsərini artırmağa başlayıb. Delarjı əvəzləyən Mahir Mədətovla Simeon Slavçevin yerinə meydana daxil olan Filip Ozobiçin köməyi ilə Ağdam komandası rəqibi müdafiə olunmağa məcbur edib. Lakin azsaylı əlverişli imkanlardan yararlana bilməyən Azərbaycan çempionu ev oyununda məğlubiyyətə düçar olub.
Qeyd edək ki, bu komandalar arasında avqustun 14-da Borisovda keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Qarabağ” BATE səddini keçəcəyi təqdirdə, pley-off mərhələsində Hollandiyanın PSV kollektivi ilə qarşılaşacaq. Ağdam təmsilçisi Belarusda lazımı nəticə əldə edə bilməsə, mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda "Şerif” (Moldova) – "Valür” (İslandiya) cütünün qalibi ilə görüşəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
7 avqust
21:00. "Qarabağ” (Azərbaycan) - BATE (Belarus) - 0:1
Qol: Stanislav Draqun, 36
Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)
Hakim-inspektor: Robert Sedlaçek (Avstriya)
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu