"Bu oyunu gözləyirdik. Rəqibi çox yaxşı analiz etmişdik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Maksim Medvedev UEFA Millətlər Liqasında Kosovo ilə qolsuz başa çatan matçdan sonra jurnalistlərə açıqlamasında deyib.
28 yaşlı müdafiəçi rəqibə qarşı yaxşı mübarizə apardıqlarını söyləyib: "Kosovo gənc kollektivdir, futbolçuları yüksək səviyyəli oyunçulardı və Avropada yaxşı klublarda çıxış edirlər. İnanıram ki, onlar ola bilsin, 2-3 ildən sonra bizimlə yox, daha reytinqli komandaların qrupunda mübarizə aparacaq. Bu gün başa-baş mübarizə apardıq".
Təcrübəli müdafiəçi heç-heçənin də pis nəticə olmadığını deyib: "Onlarla vuruşduq, mübarizə apardıq. Mənə elə gəlir ki, bu, bizdə pis alınmadı. 3 gün sonra çətin Malta səfərində olacağıq. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Kosovo yaxşı komandadır. Əsas odur ki, növbəti oyunlarda xal itirməyək".
Maksim Medvedev hər iki komandanın bir-birindən çəkindiyini etiraf edib: "İlk oyun idi. Bir-birimizdən çəkinirdik. Səhv etmək istəmirdik. Səhv olanda qol vurulur. Onlar üçün də heç-heçə yaxşıdır. Yəqin ki, onlar üçün də əsas rəqib biz idik".
O, son olaraq yığmanın 3 gün sonra Millətlər Liqasında Malta ilə keçirəcəyi oyunu barədə danışıb: "Çalışacağıq ki, ən yaxşı nəticə ilə qayıdaq. Az sonra Malta Farer adaları ilə qarşılaşacaq. Oyuna baxıb, analiz edəcəyik. Səfərdə ağır oyun keçəcək, hava isti olacaq. Çalışacağıq ki, oradan maksimum nəticə ilə qayıdaq".