"Neftçi”nin futbolçusu Qoran Paratski evdə "Sabah”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun rəsmi saytına müsahibə verib. Sportnet.az xəbər verir ki, qol və qələbə sevincini gizlətməyən xorvatiyalı yarımmüdafiəçi çempionatda liderliyi qorumağın yolunu da göstərib.
- Oyun haqda nə deyə bilərsiz?
- Asan olmadı. Xüsusilə komandamız azlıqda qalandan sonra çoxlu çətinlik yaşadıq.
- Erkən qoldan sonra qələbənin böyükhesablı olacağını təxmin etmək olardı?
- Deməzdim. Qarşımızda yaxşı bir rəqib var idi. Başa düşürdük ki, ikinci qolu vurmaq lazımdır. Məhz ondan sonra, demək olar, rəqibə təhlükəli epizod yaratmağa imkan vermədik.
- Oyun ərzində ən çətin məqam hansı oldu?
- Birinci qoldan sonra oyuna nəzarəti saxlamaq. İkinci qolu vurmaq üçün imkanlarımız olsa belə, birinci hissədə bunlardan yararlana bilmədik.
- Mövsümdə ikinci qola imza atdınız...
- Bəli, bu qolum birincidən fərqli olaraq, o qədər də gözəl alınmadı, amma effektiv oldu. Qol vurduğum üçün şadam. Amma əsas odur ki, bu gün nə qədər güclü olduğumuzu göstərdik. Azlıqda qalsaq da, hesabı qoruyub saxlaya bildik.
- İlk dövrədən sonra "Neftçi" birinci yerdədir. Sizcə, liderliyi necə qorumaq lazımdır?
- Hər oyuna köklənib, hazır olmalıyıq. Zirvədə olmaq nə qədər sevindiricidirsə, o qədər də çətin və məsuliyyətlidir. Hər matçda yaxşı oyun göstərib, azarkeşlərimizin də dəstəyi ilə liderliyimizi qorumalıyıq.