"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Arsenal" komandası İngiltərə Premyer Liqasında VIII turun oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib "Fulhem" olub. Londondakı "Kreven Kottec" stadionunda keçirilmiş görüş qonaqların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Arsenal"ın ilk 2 qolunu 29 və 49-cu dəqiqələrdə Aleksandr Lyakazett vurub. Aaron Remzi 67-ci dəqiqədə meydana girən kimi komandasının üçüncü, Pyer-Emerik Obameyanq isə son 2 qolunun müəllifi olub. "Fulhem"dən isə 44-cü dəqiqədə Andre Şürrle fərqlənib.
Bununla da Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazanan "topçular" 18 xalla 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, "Arsenal" "Qarabağ"la oktyabrın 4-də Bakı Olimpiya Stadionunda üz-üzə gəlib. Görüş İngiltərə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.