
"Oyuna yaxşı hazırlaşmışdıq, amma təəssüf ki, istəyimizi həyata keçirə, qol imkanlarından yararlana bilmədik".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının VIII tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib. Kapitan istədikləri oyunu sərgiləməyi bacarmadıqlarını vurğulayıb: "Sadə epizodlarda top itirdik, mübarizələrdə məğlub olduq. Təəssüf ki, bu gün oyunumuz alınmadı. Bu məğlubiyyəti unudub, qarşıdakı oyuna köklənməliyik”.
Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, "Neftçi" 19 xalla liderliyini qoruyur. Buna "Qarabağ"ın "Səbail"lə oyunda adı protokolda olmayan futbolçunun xidmətindən yararlanması səbəbindən texniki məğlubiyyətlə üzləşmə ehtimalıdır.