Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsinin hazırlıqlarına 2019-cu ilin aprelində başlayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına müsahibəsində deyib. Braziliyalı mütəxəssis Küveytlə iki yoldaşlıq oyunu keçirməyi planlaşdırdıqlarını bildirib. Onun sözlərinə görə, bu plan gerçəkləşməsə, Serbiya yığması ilə qarşılaşa bilərlər: "Onlar bizimlə oynamaq istəyirlər. Qarşılaşmaların harada keçiriləcəyini danışacağıq. Sentyabrda isə Rusiyada turnir təşkil ediləcək. Orada iştirakımızla bağlı da şifahi təklif almışıq. Ancaq hələ rəsmi təklif və təsdiq yoxdur. Avqustda da toplanış keçirə bilərik. Yoldaşlıq oyunlarının sayını çoxaltmalıyıq".
50 yaşlı baş məşqçi 2020-ci ildə Litvada təşkil ediləcək dünya çempionatının ilkin mərhələsində çıxış edəcək rəqibləri izləmək istədiyini bildirib: "Ola bilsin, hansısa qrupun oyunlarına baxım. Moldova və ya Finlandiyanın, digər qrupdan isə Bolqarıstanın şanslı olduğunu düşünürəm".
Qeyd edək ki, Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsində rəqibləri Slovakiya, eləcə də ilkin mərhələdə Hollandiya, Monteneqro, Bolqarıstan və Estoniyadan ibarət G qrupunun ikinci yer sahibi ilə Finlandiya, Moldova, Uels və Şimali İrlandiyadan ibarət H qrupunun qalibi olacaq.