“Uşaqlar ilk dəqiqədən sona qədər həyəcanlı idilər. Doğma məkanda oynadıq, amma öz futzalçılarımız toparlana bilmədilər. Məşqdə göstərdikləri performansı oyunda görə bilmədik. Öyrətdiyim şeyləri yerinə yetirə bilmədilər, yaddan çıxartmışdılar. Bunun hamısı həyəcanla bağlıdır".
Sportnet.az-ın məlumatına görə, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimov Bakıda Türkiyəyə 3:5 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra azfutzal.az-a açıqlamasında deyib.
Gənc mütəxəssis ilk yarını üstün başa vurduqdan sonra komandasında arxayınlığın yarandığını bildirib: "Düzdür, birinci hissədə nisbətən yaxşı oynadıq. Rəqibin də imkanları az deyildi. Fasiləyə üstün yollanmağımız sanki oyunçularımızı arxayınlaşdırdı. Fikirləşdilər ki, artıq qələbə qazanmışıq. Kənardan deyirsən, müdaxilə edirsən, eşitmirlər. Qolların hamısını standart vəziyyətdən vurduq. İkinci oyunda səhvlərimizi təkrarlamamalıyıq. Rəsmi oyunlarda bizim üçün çox çətin olacaq”.
Qeyd edək ki, Azərbaycan və Türkiyənin U-19 yığmaları arasında növbəti yoldaşlıq görüşü fevralın 21-də keçiriləcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq.