Fransa PSJ-sinin baş məşqçisi Tomas Tuxel klubla müqaviləsini uzadıb.
Sportnet.az-ın "L Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, yeni sözləşmənin müddəti 2021-ci ilədək nəzərdə tutulub. Rəsmi imzalama barədə açıqlama tezliklə elan olunacaq.
Tuxel PSJ-nin baş məşqçi postuna ötən yay təyin olunub. Həmin vaxt onunla 2020-ci ilin iyulunadək müqavilə bağlanılıb. Cari mövsümdə Paris komandası Çempionlar Liqası və Liqa Kubokunda mübarizəni dayandırıb. Əvəzində paytaxt təmsilçisi Fransa çempionatında ən yaxın izləyicisini 20 xal qabaqlayaraq, turnir cədvəlinə inamla başçılıq edir. Klub habelə Fransa Kubokunda yarımfinala çıxıb.
Qeyd edək ki, daha əvvəl müqavilənin uzadılmasının transferlərlə bağlı fikir ayrılığı üzündən ləngidiyi bildirilirdi. Almaniyalı mütəxəssis yay transfer pəncərəsində heyətin gücləndirilməsinə təminat və özünün oyunçu alış-satışına böyük təsir göstərməsini istəyirdi.