
"Böyük hesablı qələbə qazansaq da, bu, asan olmadı. Rəqib ilk hissədə yaxşı mübarizə apardı və yaxşı müdafiə olundu. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra toparlanıb qələbə qazanmaq asan olmur. Ona görə də bu qələbə bizə daha çox lazım idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Fransalı yarımmüdafiəçi digər sualları da cavablandırıb...
- Bəlkə də 6:0-dan daha çox vurduğunuz qol diqqəti cəlb etdi. Bu qolu necə şərh edərdiniz?
- Filip Ozobiç topu arxaya mənə ötürdü və zərbə endirdim. Hər şey belə baş verdi.
- "Sumqayıt" klubunun azarkeşləri sizi qoldan sonra alqışladılar. Bu özünüz üçün gözlənilməz olmadı?
- Təbii ki, gözlənilməz oldu. Onlar da qolu mənimlə sevinclə qeyd etdilər. Həmin andan həzz aldım.
- Çempionluq yarışında şansları necə qiymətləndirirsiniz?
- Digər komandaların oyununa çox da fikir vermir, əsasən öz oyunlarımıza köklənirik. Hesablamaları mövsümün sonunda aparacağıq. Biz də "Neftçi" kimi çempionluq üçün vuruşuruq.
- Növbəti tur səfərdə "Qəbələ" ilə çətin matça çıxacaqsınız...
- Düzdür, bizi çətin oyun gözləyir. "Qəbələ" çətin rəqibdir, amma həmin qarşılaşmada da əsas hədəfimiz meydana çıxıb 3 xal qazanmaqdır.
- Növbəti mövsüm "Qarabağ"da qalacaqsınızmı və sizə transfer təklifləri olubmu?
- Hazırda yalnız "Qarabağ"ın oyunlarına köklənmişəm və bu barədə danışmaq istəmirəm.