“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.
Sportnet.az-ın məlumatına görə, “qırmızı-qaralar” iyunun 7-də İtaliyanın San Vito şəhərində start götürəcək “Fabio Zukkeri Memorialı”na yollanıb. İyunun 10-dək davam edəcək turnirdə 16 komanda mübarizə aparacaq.
“Qəbələ” A qrupunda İtaliya təmsilçiləri “Çezena”, “Venetsiya” və “Manzanese” ilə üz-üzə gələcək. Qrup mərhələsinin görüşləri eyni gündə - iyunun 8-də baş tutacaq.
B qrupunda “Udineze”, “Pordenone”, “Donatello” (hamısı İtaliya), “Zrinski” (Bosniya və Herseqovina), C qrupunda “İnter”, “Cenoa”, “Esperia-97” (hamısı İtaliya), “Qrbçi” (Xorvatiya), D qrupunda isə “Triestina”, “Akuileya” (hər ikisi İtaliya), “Hayduk” (Xorvatiya) və “Qoritsa” (Sloveniya) mübarizə aparacaq.