"Komandam bu dəfə yaxşı oynadı. Amma Slovakiya ilə görüşü çox pis keçirmişdik".
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Monteneqro yığmasının baş məşqçisi Sveto Lyesar dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçirilən 3-cü qrupunun II turunda Azərbaycan millisinə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Təcrübəli mütəxəssis qrupda Azərbaycan və Slovakiyanın ilk 2 yeri tutmaqla, elit-raunda vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən gəldiklərini xatırladıb. Onun fikrincə, Azərbaycan yığması qrupu birinci pillədə başa vuracaq: "Çünki bu komanda fərqli oyun nümayiş etdirir. Ümumiyyətlə, millinizin dünya çempionatının final mərhələsinə yüksəlmək üçün yaxşı şansı var”.
Lyesar Monteneqro yığmasının potensialı barədə də danışıb: "Biz futzal yarışlarında iddialı ölkələrdən hesab edilmirik. Bu cür turnirlərdə təcrübəmizi artırırıq. Burada yaradılan şəraitə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürümüzü bildiririk".