İngiltərə Futbol Assosiasiyası "Tottenhem"in futbolçusu Son Hın Minə Premyer Liqanın "Everton"la XI tur matçında göstərilmiş qırmızı vərəqəni ləğv edib.
Sportnet.az-ın məlumatına görə, cənubi koreyalı yarımmüdafiəçi "Şeffild Yunayted"ə qarşı növbəti tur qarşılaşmasında meydana çıxa biləcək. Bu görüş noyabrın 9-da Londonda olacaq.
Qeyd edək ki, Son Hın Min "Everton"la matçın 79-cu dəqiqəsində yan xəttin yaxınlığında rəqib yarımmüdafiəçi Andre Qomeşə sürüşmə fəndi tətbiq edib. Nəticədə portuqaliyalı oyunçunun sağ ayaq biləyi qırılıb. Baş hakim Martin Atkinson əvvəlcə sarı vərəqə göstərib. Lakin qayda pozuntusunun nəticəsini gördükdən sonra o, qərarını dəyişib və cənubi koreyalı futbolçunu meydandan qovub.