Kiprdə APOEL və "Qarabağ" arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçına maraq aşağı səviyyədədir.
Sportnet.az balla.com saytına istinadən verdiyi məlumata görə, oyun üçün biletlərin satışı qənaətbəxş deyil. Bildirilir ki, hər zaman azarkeşlərinə güvənən Nikosiya təmsilçisi bu durumdan məyus olub.
Nəşrdə həmçinin qeyd olunub ki, həlledici görüşdə "GSP Arena"nın "qaynayacağı" ehtimal olunsa da, bu baş verməyəcək.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb. Nikosiyadakı "GSP Arena" 22 min 819 azarkeş tutumuna malikdir.