"Çətin oyun oldu. Son vaxtlar komandada həm psixoloji, həm də fiziki yorğunluq var. Hər halda xallarımızın üstünə biri də gəldi. Heyətdə çoxlu dəyişiklik etmişdik. Zədəli oyunçularımız çoxdur. Futbolçular çox əziyyət çəkdi. Qələbə qazanmaq istəyirdik".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XI turunda evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis bildirib ki, avrokuboklarda APOEL-lə Kiprdəki görüşdən 3 gün sonra çempionat oyununda yorğunluq özünü göstərib: "Oyunçuları hazırlaşdırmaq istəsək də, psixoloji gərginlik olur. Onlar ağır qrafikdədirlər. Bəzən istədiyimiz heyəti formalaşdıra bilmirik. Komanda hazır vəziyyətdə saxlamaq asan deyil. Çempionatdakı nəticələrimiz pis deyil. Gərginlik var, amma çalışırıq ki, bunu aradan qaldıraq. Özüm də bu matça tam hazırlaşmışdım. Amma istənilən halda ağlımızda APOEL-lə matçın nəticəsi qalır. Gələcəkdəki matçlara baxmalıyıq".
Təcrübəli baş məşqçi Avropa Liqasındakı şanslarından da söz açıb: "Oyundan sonra da bildirmişdim ki, sona kimi mübarizə aparacağıq. Qarşıdakı matçlarda nə olacağını bilmək olmaz. Şans varsa, bundan maksimum yararlanmağa çalışacağıq. Həm futboluçular, həm də mən buna inanıram".
Qurbanov komandakı zədəli oyunçuların durumu barədə də danışıb: "Dani Kintana bir həftə sonra məşqlərə başlayacaq. İnanmıram ki, Filip Ozobiç bu il meydana çıxsın. Mahir Emreli isə fitnesdə hazırlıqlara başlayıb. Dani və Mahir "Sevilya" ilə görüşdə meydanda ola bilərlər".