“Birinci hissədə pis oynadıq, çoxlu səhvlərə yol verdik. Bəlkə də birinci oyundakı inamlı çıxışımızın müəyyən qədər mənfi təsiri var idi. Əvəzində rəqibimiz çox istəkli, aqressiv oyun göstərdi".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Özbəkistan milli komandasının baş məşqçisi Bahodir Ahmedov Bakı İdman Sarayında Azərbaycan yığmasına 3:4 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra deyib. O bildirib ki, fasilədə komandasına toparlanmağı, öz oyunlarını sərgiləməyi tapşırıb: "Bunun bəhrəsini ikinci hissədə gördük. Yaxşı oynadığımızı və ikinci hissədə bizim qələbə qazandığımızı deyə bilərəm. Ümumi götürdükdə, Bakıda keçirdiyimiz oyunlardan razı qaldım. Çünki Azərbaycan millisi kimi güclü rəqiblə qarşılaşdıq. Rəqibimizin heyətində kifayət qədər təcrübəli futzalçılar yer alır”.
Qeyd edək ki, Azərbaycan millisi Özbəkistanla ilk yoldaşlıq görüşündə uduzub - 2:3.