"Neftçi"nin futbolçusu Namik Ələskərov "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Mövsümün ikinci yarısına qələbə ilə başlaya bilmədiniz. Doğma meydanda "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdiniz. Qələbə qazana bilməməyinizdə əsas səbəb nə oldu?
- "Sumqayıt"la oyunlar bizim üçün həmişə çətin keçib. Bu matç isə gözlədiyimizdən də çətin oldu. Müdafiəçimiz Voislav Stankoviç qırmızı vərəqə aldı. Ondan sonra işimiz daha da çətinləşdi. Rəqibin həmin hücumu qolla nəticələndi. Ona görə də çox çətin vəziyyətə düşdük. Qələbə qazanmaq istəyirdik, bilirdik ki, bizim üçün vacib qarşılaşmadır. 10 nəfərlə bərabərliyə nail ola bildik. Düşünürəm ki, bu da pis nəticə deyil. Ən azından bir xal əldə etdik.
- "Neftçi" mövsümün ikinci yarısına yeni baş məşqçi ilə başladı. Roberto Bordinin istefaya göndərilməsi ilə bağlı nə deyə bilərsiniz?
- Bu barədə nəsə deməyim düzgün olmaz. Rəhbərliyin qərarıdır. Hansı məşqçi olsa da, futbolçular öz işini görməlidir. Çalışacağıq ki, yeni baş məşqçi Füzuli Məmmədovla çempionluq uğrunda mübarizə aparaq.
- Roberto Bordinin "Neftçi"dəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Futbolçuyam və mənim bu məsələ haqqında nəsə deməyim düzgün deyil. Roberto Bordinin rəhbərliyi altında çempionatda ikinci olduq. Bu da pis nəticə deyil. Amma həmin mövsümdə də çempionluq üçün oynayırdıq. Sona kimi intiriqanı saxlaya bilmişdik. Çempionluq uğrunda mübarizə də apardıq, sonda isə alınmadı.
- Yeni baş məşqçi Füzuli Məmmədovla bağlı fikirləriniz necədir? Artıq onunla ilk rəsmi matçınıza da çıxmısınız...
- Baş məşqçimiz yaxşıdır. Məşqçlərimiz də maraqlı və yaxşı keçir. Çalışırıq ki, onun verdiyi tapşırıqları yerinə yetirək. Hər bir məşqdə fərqli şeylər gözləyir. Baş məşqçinin istəklərini həyata keçirmək niyyətindəyik. İlk oyunda heç-heçə etdik. Həmin görüşdə istədiklərimizi tam edə bilməsək də, növbəti matçlarda istədiyimiz oyunu sərgiləyə biləcəyik.
- "Neftçi" Füzuli Məmmədovla və hazırkı heyətlə çempion ola bilərmi?
- Əlbəttə. Futbolçulardan çox şey aslıdır. Çempion ola bilərik. İndidən desək ki, 100 faiz çempion ola bilərik, bu, düzgün olmaz. Qarşıda çox oyun var və hər matçda qələbə qazanmalıyıq. Biz də məhz çempion olmaq üçün çalışırıq.
- "Neftçi"nin qış transfer dönəmini necə qiymətləndirirsiniz: Bəzi mövqelərdə çatışmazlıqlar varmı?
- Heyətimizdə kifayət qədər oyunçu var. Hər mövqedə komanda yoldaşını əvəzləyəcək futbolçuya sahibik. Komandaya qayıdan Mirabdulla Abbasov bizə tanış futbolçudur, klubun yetirməsidir. Düşünürəm ki, bizə çox köməyi dəyəcək. Saman Nərimancahan da yaxşı oyunçudur və İranda yaxşı matçlar keçirib. İlk oyunda məhsulda ötürmə ilə yadda qaldı. O da vaxt getdikcə, komandaya uyğunlaşacaq və daha yaxşı olacaq.
- Əsas rəqibiniz olan "Qarabağ" bəzi aparıcı futbolçuları ilə yollarını ayırıb. "Neftçi" bundan istifadə edib, çempion ola bilərmi?
- Rəqib barədə danışmaq istəmirəm. Biz əsas öz oyunumuzu fikirləşməliyik. Gərək biz yaxşı oynayaq, qələbələr qazanaq və çempion olaq. "Qarabağ"ın kifayət qədər yaxşı oyunçuları var. Gedən futbolçuların yerini dolduracaq heyətə sahibdirlər. Gərək öz oyunlarımızda qələbə qazanaq. Çempion olmaq üçün hər şey bizim özümüzdən asılıdır.
- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Bizim üçün çox çətin oyun olacaq. Rəqib hazırda liderdir. Ötən turdan sonra xal fərqi də 8-ə yüksəlib. Ona görə çalışacağıq ki, bütün gücümüzü qoyaq ki, xal fərqini azalda bilək.
- Mövsmümün ilk iki dövrəsində əsas rəqibinizi məğlub edə bilməmisiniz. "Qarabağ"a qalib gəlmək üçün nə etməlisiniz?
- Mübarizə aparmalıyıq. Son oyunda pis çıxış etmədik. Lakin qələbə əldə edə bilmədik. Bu görüşdə də əlimizdən gələni etməliyik.
- "Qarabağ"a məğlub olsanız xal fərqi 11-ə yüksələcək. Bu, çempionluğun əldə getməsi deməkdirmi?
- 11 xal çox böyük fərqdir. Amma son deyil. Məğlub olsaq da, qələbə qazansaq da sona kimi mübarizəmizi davam etdirəcəyik.