İtaliya A Seriyasında XXIII turun mərkəzi görüşü "İnter" və "Milan" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:2. İlk yarıda "Milan" Ante Rebiçin 42-ci və Zlatan İbrahimoviçin 45+1-ci dəqiqədə vurduğu qollarla üstün olub.
İbrahimoviç Derbi della Madonninada fərqlənən ən yaşlı futbolçu olub. O, 38 yaş 129 günündə ikən qol vuraraq, əvvəlki rekordçu Nils Lidholmun (38 yaş 43 gün) göstəricisini yeniləyib.
Lakin fasilədən sonra "İnter" geridönüş etməyi bacarıb. 52-ci dəqiqədə Martselo Brozoviç, 53-cü dəqiqədə Matias Vesino, 72-ci dəqiqədə Stefan de Vrey və 90+3-cü dəqiqədə Romelu Lukaku fərqlənib.
Bu qələbədən sonra xalını 54-ə çatdıran "İnter" liderliyə yüksəlib. "Milan" isə 32 xalla 10-cu pillədə qalıb.