
"Səbail" klubunun braziliyalı futbolçusu Eriko da Silva "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir.
- Əvvəlcə koronavirusla bağlı fikirlərinizi bilmək maraqlı olardı. Belə bir virusun olduğuna həqiqətənmi inanırsınız?
- Virus bütün dünyaya yayılıb və hər şeyi dayandırıb. Bu qədər insan ölür. Koronavirusun olduğuna necə inanmamaq olar?
- Virusa yoluxmamaq üçün hansı tədbirlər görürsünüz?
- Əsasən, evdən bayıra çıxmıram və sağlamlığımın qeydinə qalıram. Təbii ki, dezinfeksiyaedici məhlullardan istafədə edirəm.
- Karantin dövrü sizin üçün darıxıdırıcı deyil?
- Əlbəttə, darıxdırıcıdır. Boş vaxtlarımı nə iləsə öldürməyə çalışıram.
- Bakıda tək qalırsınız?
- Bəli. Çünki həyat yoldaşım bir müddət öncə Braziliyaya getdi və virusa görə geri qayıda bilmədi.
- Deməli, öz yeməyinizi də özünüz hazırlayırsınız...
- Əlbəttə. Həqiqətən yemək bişirməyi sevirəm. Düşünürəm ki, mənim yeməklərim həyat yoldaşımın bişirdiklərindən daha yaxşı olur (gülür). Bəzən dostlarım üçün də yemək bişirirəm. Komandamızın qapıçısı Aleksandr Rıbka mənim yeməklərimi xoşlayır (gülür).
- Hansı yeməkləri bişirə bilirsiniz?
- Braziliya mətbəxinə aid ənənəvi yeməklərin bir çoxunu hazırlaya bilirəm. Xüsusilə lobya, düyü, ət və toyuqdan dadlı yeməklər bişirirəm.
- Dediniz ki, əsasən evdə olursunuz. Maraqlıdır, hansı işləri görürsünüz, əsas məşğuliyyətiniz nədir?
- Formada qalmaq üçün fərdi məşq edirəm. Maraqlı filmlərə baxır, oyunlar oynayıram. Bu yolla günü başa vururam.
- Hansı filmlərə üstünlük verirsiniz?
- “La casa de Papel” (“Kağız ev”), “Narcos” (“Narko”) və bu kimi digər serialları izləməyi sevirəm.
- Oynadığınız oyunların adlarını çəkə bilərsiniz?
- “Recident Evil”, PUBG... Bunları qardaşım və dostlarımla birlikdə oynamağı xoşlayıram.
- Bəs kitab necə, oxuyursunuz?
- Xeyr, kitab oxumuram. Seriallar ingilis dilini daha yaxşı öyrənməyimə kömək edir.
- Hazırda sərhədlər bağlıdır. Karantin rejimindən əvvəl Braziliyaya getmək barədə düşünürdünüz?
- Əlbəttə, bunu çox istəyirdim. Amma uzaqdır. İnanmıram ki, baş məşqçi getməyimə icazə verərdi.
- “Səbail”lə müqaviləniz nə vaxt başa çatacaq?
- Yayda. Daha dəqiq desəm, iyunun sonunda.
- Gələcəyiniz barədə nə düşünürsünüz: Komandada qalacaqsınız?
- Hələ bilmirəm. Müqaviləmin sonuna kimi gözləyəcəyəm. Ondan sonra nə edəcəyimə qərar verəcəyəm.
- Karyeranızı Azərbaycanda davam etdirmək istəyərdiniz?
- Ölkənizi sevirəm. Amma bu məsələ təkcə məndən asılı deyil.