
"Karantinin uzadılmasına çox pis oldum. Məşq üçün hazırlaşmışdım. Sevinirdik ki, məşqə çıxacağıq. Belə qərarın qəbul edilməsi mənə çox pis təsir etdi".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Azərbaycanda karantin rejiminin uzadılmasına münasibət bildirərkən deyib. 25 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının bərpa olunacağına inandığını söyləyib.
İsgəndərli futbol üçün çox darıxdığını bildirib: "Bunu sözlə ifadə edə bilmərəm. Razıyam, karantin rejimi davam etsin, amma məşq və oyunlarımız olsun. Çempionatın bərpası çox yaxşı olardı. İnanıram ki, yaxın vaxtda yaxşı xəbər eşidəcəyik. Qərar veriləndən sonra rahat danışmaq olar".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.