UEFA maddi sıxıntılarla üzləşən Avropa futbolu üçün maliyyə feyr-pleyi qaydalarını yumşaltmağı planlaşdırır.
Sportnet.az Fransa mətbuatına istinadən xəbər verir ki, qurum 2021/2022 mövsümü üçün yeni plan hazırlayır.
Klublara illik 30 milyon avro əlavə büdcə təqdim etmə imkanı yaradan lisenziya təlimatnaməsində limitin 60 milyon avroya qalxacağı iddia olunur. Ancaq bu rəqəm son iki mövsümdəki büdcəyə əsasən hesablanacaq.
Beləliklə Avropa klublarının iki mövsüm ərzində 60 milyon avroyadək ziyan etməsi cəzaya səbəb olmayacaq.
Dəyişiklik klublara liqaların dayanmasına görə gəlirlərin azalmasını tənzimləmək imkanı yaradacaq.
Qeyd edək ki, hazırda Avropada Belarus və Farer adalarından başqa bütün ölkələrdə liqalar koronavirusa görə dayandırılıb.